Sabunçu rayonunda Şahin hərbi-idman oyununun rayon daxili mərhələsi keçirilmişdir.

      Bu gün Sabunçu rayon 148 saylı orta məktəbin ərazisində Sabunçu rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Sabunçu rayon Yeni Azərbaycan Partiyası Təşkilatı və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Şahin hərbi-idman oyununun rayon daxili mərhələsi keçirilmişdir.

      Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlamış, sonra isə 2016-cı il aprel şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.  Yarışda rayonun 36 məktəbi  birincilik uğrunda mübarizə aparmışlar. Yarışda “şahinlər” müxtəlif sınaqlardan keçməklə öz bacarıqlarını nümayiş etdirmişlər.  Nəticələrə görə I yerə 74 saylı orta məktəb, II yerə 252 saylı orta məktəb, III yerə 148 saylı orta məktəb layiq görülmüşlər. I yeri tutmuş 74  saylı orta məktəbin komandası Bakı final mərhələsinə vəsiqə qazanmışdır.

       Qalib komandalar diplomlarla təltif olunmuşdur.

   Tədbirin açılışında çıxış edən SRİH-nın başçısı Adil Vəliyev Azərbaycanın hərbi qüdrətindən, dövlətin və prezidentin ordu quruculuğuna verdiyi dəstəkdən və bu günləri orduda xidmət etmənin hər bir vətəndaşın borcu olmasından söz açmış, gənc məktəblilərə uğurlar arzulamışdır. BŞGİBİ-nin rəisi Raqif Abbasov çıxışında Gənclər və İdman Nazirliyinin rəhbərliyi adından komandaları salamlamış, aprel döyüşlərinin əsgər və zabitlərinin şücaətindən söz açmış, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasəti haqqında, hərbi vətənpərvərlik sahəsində görülmüş işlər haqqında geniş məlumat vermişdir. YAP Sabunçu rayon Təşkilatının sədri Mehriban Abbasquliyeva  komanda düşüncə tərzinin təbliğində, vətənpərvərlik hisslərinin aşılanmasında, sabahın əsgər və zabitlərinin formalaşmasında ənənəvi “Şahinlər” hərbi-idman oyununun əhəmiyyətindən danışmışdır.

     Tədbirin sonunda iştirak etmiş komandalarla xatirə şəkli çəkilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir