Baş İdarə rəisi: “Azərbaycanın inkişaf modelinə dünyanın aparıcı idman ölkələri də müraciət edir”

   “Bütün dünya Azərbaycanda idmanın yüksək inkişafından xəbərdardır. Bu fakt dövlət başçımız, Milli Olimpiya Komitəsinin (MOK) Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən MOK-un 25 illik yubileyinə həsr edilmiş tədbirdə də vurğulandı. Avropa Olimpiya Komitəsi, Baltikyanı və MDB ölkələrinin Olimpiya Komitələrinin, digər beynəlxalq federasiyaların rəhbərləri çıxışlarında Azərbaycanın bu gün yüksək təşkilatçılığı ilə fərqlənən, stabil, təhlükəsizliyi təmin etmiş, idmanın özünəməxsus yüksək standartını müəyyənləşdirmiş ölkə olduğunu vurğuladılar”. Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

    Onun sözlərinə görə, 26 ildir müstəqil olan Azərbaycanın dünyanın nəhəng idman dövlətlərinə nümunə göstərilməsi ölkəmizdə idman siyasəti, sağlam həyat tərzi, kütləvi bədən tərbiyəsinə verilən dəyərin nəticəsidir: “Beynəlxalq təşkilatların rəhbərləri xüsusi qeyd etdilər ki, Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir ki, bu da idmanda yüksək nəticələrin göstərilməsinə, stabil çıxışlara və beynəlxalq yarışlara ev sahibliyi etmək üçün gözəl şəraitin yaradılmasına gətirib çıxarır.

Cənab Prezidentimiz də çıxışında vurğuladı ki, uğur fəlsəfəmiz Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiya və klubların vahid ailə olaraq ortaq məxrəcdən çıxış etməsidir. Bu gün Azərbaycanın yaratdığı inkişaf modelinə artıq dünyanın aparıcı idman ölkələri də müraciət edir”.

R.Abbasov bildirib ki, Azərbaycan Gürcüstanla birgə qadın voleybolçulardan ibarət milli komandalar arasında Avropa çempionatını keçirməklə bir daha dünyaya yalnız siyasi deyil, həm də idman müstəvisində yüksək əməkdaşlıq nümunəsi göstərdi: “Azərbaycan yığmasının bu yarışda yüksək nəticə göstərərək, 4 ən güclü komandalar sırasına düşməsi və növbəti dünya çempionatına birbaşa vəsiqə qazanması böyük uğurdur. Cənab Prezidentimizin milli komandamızı qəbul etməsi idmançılarımızda böyük ruh yüksəkliyi yaratdı. Dövlət başçımız voleybolçularımızın dünya çempionatında daha yüksək nəticə göstərmələri üçün onlara həm mənəvi dəstək oldu, həm də milli komandamızın Avropa çempionatında ölkəmizi layiqincə təmsil etməsinə görə Azərbaycan Voleybol Federasiyasına 2 milyon manat ayırdı. Bu da Prezidentimizin idmana münasibətinin göstəricisidir”.

Baş İdarə rəisi dünyanın ən tanınmış peşəkar boksçularının iştirakı ilə Ümumdünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının Bakıda keçirilməsinin də önəmliliyini vurğulayıb. O, ölkəmizin dünyanın istənilən beynəlxalq tədbirinə və yarışına yüksək səviyyədə ev sahibliyi edə biləcəyini bildirib.

                                                                                                                              Müəllif: Elgün Vidadioğlu

One thought on “Baş İdarə rəisi: “Azərbaycanın inkişaf modelinə dünyanın aparıcı idman ölkələri də müraciət edir”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir