Alpaqut Turan döyüş sənəti üzrə dünya kuboku yarışları başa çatıb

         “Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə dünya kuboku yarışları başa çatıb.

      Yarışlardan öncə açılış mərasimi keçirilib. Mərasimdə Alpaqut döyüş sənətinin müəllifi Vasif Namazov çıxış edərək idmanın bu növünün tarixindən danışıb. O, bu turnirin Dünya Alpaqut Federasiyasının təşkil etdiyi doqquzuncu beynəlxalq yarış olduğunu bildirib.

    Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti Azər Həsənsoy alpaqut idmanının ölkəmizdə inkişafından söz açıb. O, bu yarışın Azərbaycanda keçirilməsinin idmanın bu növünün ölkəmizdə daha da inkişafına təkan verəcəyini vurğulayıb.

     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb.

   Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Azərbaycan Alpaqut Federasiyasının bir qrup əməkdaşına fəxri diplomlar verilib.

    Yarışlarda komanda hesabında Azərbaycan birinci yerə çıxıb. İran komandası ikinci, Türkiyə yığması üçüncü olub.

   Xatırladaq ki, 15 ölkədən 300-ə yaxın idmançının iştirak etdiyi yarış alpaqutun aypara, batur, caymaz və gureş versiyaları üzrə keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir