Bədii gimnastika üzrə 25-ci Bakı Çempionatı keçiriləcək

        2-3 noyabr tarixlərində Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə növbəti yerli yarış baş tutacaq.  Gimnastlar öz güclərini Bakı çempionu adı uğrunda mübarizədə sınayacaqlar.

         Sayca 25-ci olan bu çempionatda Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdman Sarayı, AyUlduz Klubu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Sərhədçi Olimpiya İdman Mərkəzi və Zabrat İdman Klubunun yetirmələri iştirak edəcəklər.

        2 gün davam edəcək turnirdə 100-ə yaxın təmsilçinin çıxış edəcəyi gözlənilir. Yarışların ilk günü məhz balaca gimnastların çıxışları ilə əlamətdar olacaq. Belə ki, azyaşlı gimnastlar alətsiz, ip, halqa ilə öz proqramlarını təqdim edəcəklər və günün sonunda onlar fərdi çoxnövçülükdə öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

        Növbəti yarış gününə isə yeniyetmələr start verəcək. Onlar da hakimlər qarşısına alətsiz, ip və halqa ilə çıxaraq, yüksək xal almaq üçün çalışacaqlar. Gənclər və böyüklər yaş kateqoriyasına bölünmüş gimnastlar isə halqa, top, gürzlər və lent ilə proqramlarını icra edəcəklər. Beləliklə, turnirin sonunda bütün alətlər üzrə yekun xal əsasında fərdi çoxnövçülükdə fərqlənmiş gimnastlar fəxri kürsüyə yüksələcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir