“Banişevski kuboku”nu “Binə” qazandı
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakı Kəndlər Futbol Federasiyasının (BKFF) birgə təşkilatçılığı ilə məşhur futbolçumuz, “Şöhrət” ordenli Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş futbol turniri keçirilmişdir. Turnirdə 6 komanda (Hövsan, Ələt, Qardaşlar, Binə, Qobustan, Müşfiqabad) mübarizə aparmışdır. Nəticələrə görə III yer uğrunda görüşdə Qobustan komandası 2:0 hesabı ilə Qardaşlar komandasını məğlub edərək bürünc medallara sahib çıxmışlar. Final görüşündə Binə komandası gərgin mübarizə şəraitində 3:2 hesabı ilə Ələt komandasını udaraq turnirin qalibi adını qazanmışlar.
Sonda qalib komandaya kubok, digər mükafatçılara xatirə hədiyyələri və diplomlar verilib. Təşkilatçılar tərəfindən turnirin bombardiri – 6 qolla yadda qalan “Ələt”li Şamxal Məlikov, eləcə də ən intizamlı futbolçu üçün ayrılan mükafata sahib çıxan “Qobustan”ın oynayan məşqçisi Atabəy Əlixanov təltif olunublar.